Bu məqaləmizin əsas mövzusu elm və mühəndislik sahələrinin innovativ keçid dövrü hesab olunan Süni İntellekt haqqında olacaq, həmçinin Süni İntellekt texnologiyasının maliyyə sektorundakı rolu və nə kimi yeniliklər gətirəcəyi mövzusunda da bəhs edəciyik. Bu texnologiya insanın sahib olduğu ən dəyərli mülkiyyət hesab olunan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilib. Bu zəkaya sahib maşınlar təcrübə ilə öyrənə bilir və tapşırıqları insana bənzər şəkildə yerinə yetirə bilir.
Məşhur ingilis teorik fiziki Stiven Havkinqs Süni İntellekt haqqında maraqlı, bir o qədər də mübahisəyə səbəb olacaq fikirlər bildirib. O, bu texnologiyanın ya bəşəriyyətin ən yaxşı, ya da ən pis naliyyəti olacağını qeyd edib. Onun mülahizələrinə əsasən əgər Süni İntellekt yaradılsa, o sürətlə çevriliş edib insan intellektini üstələyə bilər.
Nümunə olaraq:
Əgər siz Süni İntellektə "Z" adlı bir sual versəniz, o, əvvəl verilmiş və ya müəyyənləşdirilmiş "Z" sualları içərisindən ən effektiv olanını seçəcək. Buna görə də hər dəfə "Z" sualı veriləndə Süni İntellekt "Z" sualına aid cavabları süzgəcdən keçirir və ən rasional olan cavabı sizə təqdim edir.
Bu texnologiya sayəsində böyük həcmdə verilənlər daha asanlıqla işlənə bilir və verilənlərdəki nümunələri müəyyən edərək müxtəlif əsas vəzifələri yerinə yetirmək olar. Buna görə də Süni İntellektin istifadəsi xüsusilə böyük və mürəkkəb sektorlarda gündən-günə adi hala çevrilir, necə?
Gəlin maliyyə sektoru üzərindən bəhs edək.
Maliyyə sektorunda bazar məlumatlarının əldə edilməsi, maliyyə büdcəsinin idarə edilməsi, müştəri məmnuniyyətinin artırılması kimi müxtəlif proseslər üçün süni intellekt ən effektiv həll yollarından biri kimi qəbul edilir.
Bank işində avtomatlaşdırma
Süni intellekt sayəsində məlumatların idarə olunması, fərdiləşdirilmiş maliyyə hesabatlarının yaradılması, qaydaların və ödənişlərin izlənməsi kimi proseslərin avtomatlaşdırılası buraya aiddir. Bu yolla banklar riskləri və xərcləmə üsullarını qiymətləndirərək saniyələr ərzində maliyyə qərarları verə bilirlər. Bundan əlavə, Süni İntellekt hesabat vermə proseslərini sürətləndirən texnologiyaları müştərilər üçün daha əlçatan edir və fərdi tövsiyələr verə bilər. Beləliklə, həm maliyyə proseslərinin səmərəliliyi və sürəti artır, həm də müştəri təcrübəsi inkişaf edir.
Süni intellektə əsaslanan hesabat və təhlil
Bank xidmətlərinin rəqəmsal sistemə keçid etdiyi bir dövrdə ən effektiv tətbiq formalarından biri kimi hesab olunur. Burada artan və mürəkkəb hesab olunan müştəri məlumatlarının təhlili və hesabatı Süni İntellekt sayəsində çox asan və sürətli bir prosesə çevirmək olar. Süni intellekt texnologiyaları müştərilərin məlumatlarını saniyələr ərzində təhlil edə və əldə edilən nəticələr üçün maliyyə tədbirləri təklifləri verə bilər. O, həmçinin məlumatlara əsaslanaraq pul vəsaitlərinin hərəkəti, kredit riski nisbətləri, investisiyalar kimi maliyyə qurumu ilə əlaqəli amilləri təhlil etmək bacarığına sahibdir.
Proqnozlaşdıran Analitika
Maliyyə qurumlarının maliyyə məlumatları əsasında müştəriləri mövcud vəziyyətlə bağlı asanlıqla və tez məlumatlandırması, eləcə də müxtəlif amilləri nəzərə almaqla müştərilərinin gələcək maliyyə fəaliyyətinin nəticələrini proqnozlaşdırması mümkündür. Bu yolla müştərilər öz maliyyə proseslərini daha uyğun idarə edə, maliyyə institutları isə müştərilərin münasibətləri və gələcək fəaliyyətləri haqqında məlumat əldə edə bilərlər.
Hal-hazırda maliyyə şirkətləri və iri korporativ maliyyə departamentləri məlumatların artan həcmi və mürəkkəbliyi problemini həll etmək üzərində çalışırlar. Texnologiya (xüsusilə bulud ERP və EPM) onların işini asanlaşdırsa da, bu proses tam çıxış yolu kimi görünmür. Buna görə də maliyyə sektorunda Süni İntellekt texnologiyasından istifadə etməyin tam zamanıdır.
Süni İntellekt verilənlərə çıxış problemini iki yolla həll edir: O, sistemdəki məlumatı tapmaq və istifadəni asanlaşdırır, həmçinin məlumatı daha geniş işçi dairəsi üçün əlçatan edir. İkincisi isə ağıllı Çatbotları nümunə kimi göstərə bilərik.
Çatbotlar
Günümüzdə Çatbotlar Süni İntellekt texnologiyasından istifadə edən ən məşhur proqram təminatıdır. Müştərilərin sualları olduqda bank zəng mərkəzlərinə müraciət etmək əvəzinə, bankın veb-saytında və ya mobil proqramında Çatbot tərəfindən verilən “Salam, Mən sizə necə kömək edə bilərəm?” sualı həm asan, həm də əyləncəli çıxış yolu kimi görünür. Çatbotlar ünsiyyət zamanı təmin etdikləri əlaqələrlə müştəri xidməti menecerlərinin iş yükünü əhəmiyyətli dərəcədə azaldır. Müştəri xidmətləri işçiləri daim müştərilərə yaxşı xidmət göstərməyin yeni yollarını axtarsalar da, vaxt məhdudiyyəti səbəbindən bu proses effektiv görünmür. Bu mənada Çatbotlar həm banklar, həm də istifadəçilər üçün çox faydalıdır.
Analitiklər süni intellektin 2030-cu ilə qədər bank sektoruna 1 trilyon dollardan çox əlavə fayda gətirəcəyini proqnozlaşdırırlar. Süni intellektin bank sektoru üçün yaxın gələcəkdə qurumlara və istifadəçilərə gətirə biləcəyi əsas faydalar isə bunlardır:
Təkmilləşdirilmiş bank məhsulları
Bank sənayesində süni intellektin əsas rolu müştəri xidmətlərini təkmilləşdirməkdir. Bankların müştərilərin ehtiyac və tələblərini dərk edərək müştərilərə ən yaxşı bank xidmətlərini təqdim edə bilməsi isə son dərəcə effektiv bir çıxış yoludur. Bu texnologiya məlumatların toplanması və təhlili prinsipi ilə işləyir. Süni intellekt xüsusiyyətləri ilə zənginləşdirilmiş mobil bank tətbiqi öyrənmə prosesini və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadəçilərin bütün müvafiq məlumatlarını toplamağı buraya aiddir. Bu məlumatları toplayıb təhlil etdikdən sonra isə istifadəçiyə təklif olunan təcrübə və xidmətlər fərdiləşdirilə bilir.
Real vaxtda fırıldaqçılığın aşkarlanması
Hamımızın bildiyi kimi, maliyyə sektoru çoxsaylı təhlükəsizlik təhdidlərinə və saxtakarlıq fəaliyyətlərinə məruz qalır. "McAfee" tərəfindən bu yaxınlarda açıqlanan hesabata görə dünya miqyasında maliyyə sektorunda fırıldaqçılıq fəaliyyəti təxminən 600 milyard dollarlıq qlobal iqtisadi itkiyə bərabərdir.
İstifadə olunan texnologiyalar dəyişdikcə banklar fırıldaqçılıqla mübarizə üçün yeni üsullar hazırlamalıdırlar və ən effektiv həll yollarından biri Süni İntellekt texnologiyasından istifadə etməkdir.
Maliyyə risklərinin azaldılması problemini qiymətləndirdiyimiz zaman Süni İntellekt infrastrukturu ilə hazırlanmış yeni həllər banklara real vaxtda fond axını təhlillərini aşkarlamağa və fırıldaq əməliyyatlarını aşkar edilən kimi dayandırmağa kömək edir.
Son olaraq isə Süni İntellekt haqqında bəzi maraqlı faktları sizə təqdim edirəm:
- Süni İntellekt texnologiyasının istifadə olunduğu ağıllı sistemlərdə əksər hallarda qadın səslərindən istifadə olunur.
- Bir çox valideynlər robot ev heyvanlarına üstünlük verirlər. Jan-Lu Raulun fikrinə görə 2025-ci ildə robot ev heyvanları canlı ev heyvanları ilə ciddi konkurent olacaq.
- Yapon tədqiqatçılarının fikirlərinə görə öz-özünü bərpa edən robotlara tələb növbəti illərdə kəskin şəkildə artacaq.
Nəticə olaraq, əgər sizin texnologiya sahəsində innovativ yeniliklər etmək kimi bir arzunuz varsa, bu sahə tam sizə görə ola bilər.
0 Comments