Bir neçə il öncə insanların real həyatdakı fəaliyyətlərini rəqəmsal dünyada tətbiq etməsi bizə yuxu kimi gəlirdi desək, yəqin ki, yanılmarıq. Bəs hal-hazırda bu prosesin gerçəkləşməsi mümkündürmü?
Bəli, Metaverse ilə.
Əgər virtual dünya səyahətinə hazırsınızsa, elə bu məqalədən başlaya bilərik. :)
Qısa olaraq izah etsək, Metaverse fiziki və virtual reallıqları birləşdirən rəqəmsal platforma inkişafının növbəti mərhələsi hesab olunur. Bir növ insanların virtual mühitdə əlaqə qurmasına imkan verən rəqəmsal dünya kimi fərz edə bilərik. Bu termini məhsul və ya xidmət alıb-sata biləcəyiniz, müqavilə imzalaya biləcəyiniz, müştərilər, həmçinin icmalarla əlaqə qura biləcəyiniz 3 ölçülü rəqəmsal bir platforma kimi də düşünə bilərik.
Əgər Metaverse sözünün hərfi tərcüməsini baxsaq, "Meta-kənar", "Universe-kainat" mənasını ifadə edir. Termin ilk dəfə 1992-ci ildə Neal Stephenson tərəfindən nəşr olunan "Qar qəzası" romanında istifadə edilib. Romanda Metaverse-in virtual reallığı və rəqəmsal dünyanı özündə birləşdirən bir məkan olması qeyd olunurdu.
Burada siz özünüzə avatar yaradaraq iş, səyahət, oyun oynamaq, konsertə getmək və alış-veriş kimi bir çox gündəlik fəaliyyətləri yerinə yetirə bilərsiniz. Bunun üçün sizə lazım olan isə VR və ya ağıllı eynək texnologiyasından istifadə etməkdir. Statistik göstəricilərə əsasən VR texnologiyası hazırda daha çox oyunlarda istifadə olunur.
Bəs Metaverse anlayışı hansı dövrdə daha aktual olmağa başladı?
Metaverse anlayışının məşhurlaşdırdığı ən aktual dövr pandemiya zamanı idi. İnsanların sosial məsafədən işləməyə və cəmiyyətdən təcrid olunmağa məcbur qaldığı bir dövrdə ideal çıxış yolu kimi Metaverse rəqəmsal bazarda öz sözünü deməyə başladı. Əsas üstünlük isə insanların evdən çixmadan istənilən yerə baş çəkə bilməsi və virtual olaraq ünsiyyət qurmaq probleminin həll olunması idi.
Əlavə olaraq, "Facebook" şirkətinin sahibi Mark Zukerberq də bu prosesdə önəmli rola sahib oldu. O, "Facebook"-un artıq bir Metaverse şirkəti olacağını elan etdikdən və şirkət adı "Meta" olaraq dəyişdirildikdən sonra bu termin brendlər tərəfindən daha çox qəbul edilməyə başladıldı. Daha əvvəl fərqli NFT kolleksiyaları ilə rəqəmsal dünyaya qədəm qoyan brendlərin "Facebook" adının Metaverse olaraq dəyişməsindən sonra fəallıq nümayiş etdirməsi gözə çarpmağa başladı.
Metaverse konsepsiyasını daha da aktual bir hala gətirən digər özəlliklər isə bunlar idi:
- NFT və blockchain texnologiyası;
- VR eynəklər və rəqəmsal cihazlardan istifadə olunması;
- Ultra yüksəksürətli internet və.s
Bəs Metaverse-in bizim üçün zərərləri nə ola bilər?
Əsas faktorlar kimi bunları qeyd edə bilərik:
- İnsan beynini əslində mövcud olmayan virtual dünyanın həzzləri ilə aldatmaq;
- Oturaq və hərəkətsiz həyat tərzi yaşamaq;
- Virtual dünyada yaşamağı vərdiş halına gətirmək və real dünyadan təcrid olunmaq təhlükəsi;
- Böyük şirkətlərin insanları davamlı olaraq virtual aləmdə öz reklamları ilə alış-verişə sövq etmək.
Metaverse və VR anlayışları bir-birinə oxşasa da, əslində 2 fərqli prosesdir. Metaverse və VR arasındakı əsas fərqlər isə bunlardır:
- Virtual Reallıq ölçü olaraq məhduddur, Metaverse isə bütün rəqəmsal platformaya çıxışı təmin edir;
- Metaverse potensial olaraq Virtual Reallıqdan daha böyükdür. Məsələn, bir çox insanlar virtual reallığa tamamilə məhəl qoymasalar da, metaverse ilə bu prosesin baş verməsi ehtimalı azdır: insanların işini, sosial mediaya daxil olmasını və hətta internetdə gəzişmə tərzini dəyişdirəcəyi kimi.
Metaverse həyatımızı necə dəyişəcək?
Görünən odur ki, Metaverse böyük bir ehtimalla, elə internet qədər məşhurlaşacaq və həyatımızın ayrılmaz bir parçasına çevriləcək. Burada yalnız şirkətlər deyil də, həmçinin milyonlarla şəxs də fəal bir şəkildə iştirak edəcək.
Uşaqlıq illərimizdən bu günə qədər "görəsən uçan maşınlar olacaqmı?" sualı, yəqin ki, hamımızı düşündürürdü. Metaverse anlayışının real dünyaya bu qədər tez inteqrasiya olması isə gözlədiyimizdən daha tez oldu deyə bilərik.
Gələcəkdə Metaverse-in daha çox oyun bazarını dəyişəyəci iddia edilsə də, bir sıra sahələrin də texnologiya dəyişiminə məruz qalacağı gözlənilir. Əgər məsələyə brendlərin gözü ilə baxsaq, gələcəyə investisiya edən markalar üçün çox effektiv bir fürsət meydana gələcək və brendlər aktivlər əldə etmək yolu ilə rəqəmsal dünyaya tam olaraq inteqrasiya edəcəklər. İş dünyasında yeni imkanlar yaranacaq və artıq insanlar evdən çıxmadan rəqəmsal dünyada işləmək imkanı əldə edəcəklər.
Nə qədər qəribə səslənsə də, bu sadaladıqlarımız artıq reallıq olacaq və hal-hazırda bir neçə dünya brendi virtual dünyaya inteqrasiya ediblər. Nümunə olaraq: Microsoft, Facebook, Apple, Google, Samsung və digər şirkətləri qeyd edə bilərik.
Rəqəmsal dünya sakinləri hər gün artmağa davam edir və bu prosesin qarşıdakı bir neçə ildə kəskin şəkildə artacağı gözlənilir. Son olaraq onu qeyd edim ki, virtual dünyaya qapı açıb "xoş gəlmisiniz" deməyin tam zamanıdır :)
0 Comments