Kreativ ''Yeni il'' Marketinq Strategiyaları


 
Gəlin etiraf edək ki, 2021-ci il bizlər üçün çətin bir oldu və pandemiya səbəbi ilə müştərilər daha çox onlayn alış-verişə üstünlük verdikləri üçün e-ticarət sənayəsi inanılmaz dərəcədə sürət tempini artırdı. 

Statistikaya əsasən, şirkətlər tərəfindən yeni ilin gəlişi ilə bağlı olaraq hazırlanan marketinq kampaniyaların satış faizi 2019-cu ilə nisbətən 3 %, onlayn satışlar isə 49 % artım təşkil edib. 

Öncədən bildirmək istəyirəm ki, ''Yeni ildə yeni başlanğıclar'', ''Yeni ili bizimlə qarşıla!'' tipli mesajlar artıq şablon kimi qəbul olunur və effektlik baxımından elə də səmərəli hesab olunmur. 

Əgər yeni il üçün rəqəmsal marketinq kampaniyası planlaşdırmamısınızsa, bunun üçün hələ də gec deyil. Bu yazımda şirkətinizin satışını artıracaq və işinizə yarayacaq 9 kreativ marketinq strategiyasını sizinlə bölüşürəm. 

O zaman başlayaq: 

1. Yeni ilin gəlişi ilə bağlı olaraq e-mail göndərin. 

Yeni illə bağlı olaraq müştərilərinizə təbrik mesajları göndərməklə onları daha dəyərli hiss etdirəcək bir aura formalaşdıra bilərsiniz, lakin burada incə bir detala fikir vermək lazımdır. Təbrik mesajında şirkətinizin məhsullarını satmaq istəyinizi yox, onlara diqqət və qayğı göstərməyinizi nümayiş etdirməlisiniz. İstehlakçılar tərəfindən baxdıqda markanızın onlara dəyər verdiyi mesajını hiss etməsi şirkətinizin gələcək fəaliyyəti və imici üçün müsbət bir haldır. 

2. Yeni ilin gəlişi ilə bağlı sosial media kanallarında kreativ post paylaşın. 

Brendinizin sosial mediada diqqət çəkməyini istəyirsinizsə, yeni ilə aid olan post paylaşmaq bunun üçün ideal bir zamandır. Əgər paylaşacağınız post kreativ və maraqlı olsa, insanlar tərəfindən viral olaraq sürətlə yayılacaq və müzakirə mövzusu olacaq. 

Məsələn, dünyaca məşhur Amazon şirkəti izləyicilərini Twitterdə sadə və diqqət çəkən bir yazı ilə təbrik etmişdi.








3. Yeni il ilə bağlı olaraq müsabiqələr keçin. 

Müştərilərlə əlaqə qurmağın ən effektiv yollarından biri də ara-sıra müsabiqələr keçirmək və müsabiqə sonunda qarşılıq olaraq onlara hədiyyələrin verilməsidir. Burada əsas məqsəd paylaşımın daha çox şəxsə çatmasını təmin etmək, haştaqlardan istifadə edərək konversiyanı artırmaq və postu müzakirə mövzusuna çevirməkdir. 


4. Ənənəvi marketinq kampaniyalarından istifadə edin. 

Onlayn marketinq nə qədər geniş vüsət alsa da, günümüzdə ənənəvi marketinq strategiyaları da effektiv hesab olunur. Məsələn, sizin yol kənarında hər hansısa bir obyektiniz varsa, çöl tərəfə baxan pəncərələri elə bəzəyə bilərsiniz ki, buradan keçən insanların diqqətini cəlb edə bilər, həmçinin bu prosesin davamı olaraq sizin məkanınızı ziyarət etməyə sövq edə bilər. Əlavə olaraq, banner, bilboard, afişa və məhsulun yeni il dizaynına uyğun bəzədilməsi də effektiv strategiya hesab olunur. 


5. Yeni ilə özəl olaraq endirim edin. 

Yeni ilə özəl məhsul hazırlamasanız belə, öncəki məhsullardan seçərək bu günə özəl olaraq xüsusi endirim etmək satış faizlərinizi artıracaq. Müştərilərə endirim kuponları verərək marka sadiqliyini artıra və onları daimi müştəriyə çevirə bilərsiniz. Məsələn, məşhur Amerika brendi olan Dillard's hər zaman yeni ilə özəl olaraq xüsusi endirim paketləri təklif edir. 







6. Müştərilərə yeni ilin təqvimini göndərin. 

Yeni ilin ən yaxşı marketinq ideyalarından biri də onlara ilin gəlişi ilə bağlı təqvim göndərməkdir. Bu biznesiniz üçün nəyi dəyişəcək? 

- Əgər müştəri təqvim ili ilə bağlı olaraq sizin göndərdiyiniz fayldan istifadə etsə, daima sizin şirkət onun yaddaşında qalacaq və xoş hisslərlə bu anı xatırlayacaq. 


7. Yeni ildən sonra satış endirimini dayandırmayın. 

Biznes sahiblərinin böyük bir qismi yeni il bitdikdən sonra endirimləri tam olaraq dayandırırlar və bu amildən istifadə edərək siz bazarda rəqabət üstünlüyü qazana bilərsiniz. Təqdimat zamanı ‘’Endirimə davam’’ mövzusunda bir mesaj verərək müştəriləri alış prosesinə təşviq edə bilərsiniz. 

Məsələn, Booking.com 2020-ci il tətil mövsümü üçün 20% endirim təklifi ilə çıxış etmişdi və onlar öz perspektivlərini onlarla otel və uçuş bron etmək üçün bunu 2021-ci ildə də davam etdirdilər.






8. Təbliğat xarakterli marketinq kampaniyaları hazırlayın. 

Yeni ili qarşılayan zaman insanlar özləri üçün yeni məqsədlər, yeni illə bağlı olaraq müəyyən hədəflər planlaşdırırlar. Nümunə olaraq, yeni ildən etibarən arıqlamaqla bağlı olan qərarlar, idmanla məşğul olmaq və.s buraya aid ola bilər. Əgər bu mövzulara toxunaraq məhsulunuz ilə bir bağlantı yarada bilsəniz bu amil satış prosesinizi sürətləndirə bilər. 

2021-ci il Amerikada əhalinin yeni il ilə bağlı olaraq hədəfləri ilə tanış olmaq üçün bu fotoya diqqət yetirə bilərsiniz. 


9. Yeni il günü yeni məhsulunuzu təqdim edin. 

Dekabr ayı ərzində məhsulun satışa çıxarılması ilə bağlı olaraq öncədən afişa etsəniz və yeni il gələn gün bu məhsulu təqdim etsəniz izləyicilər üçün daha maraqlı gələ bilər, əlavə olaraq yeni məhsulun öncəki məhsullarla müqayisədə üstünlüklərini vurğulayaraq satış prosesini daha da sürətləndirə bilərsiniz. Həmçinin köhnə məhsullara endirim təklif etmək və məhdud sayda olduğunu bildirərək gerisayımdan istifadə edə bilərsiniz. 

Bu yerdə Reebokdan bir nümunə göstərmək ,fikrimcə, tam yerinə düşər. 





Ümid edirəm ki, bu oxuduğunuz məlumatlar sizin üçün faydalı oldu :)


Post a Comment

0 Comments