"Marketinqin 5 qızıl modeli"

 


Bu yazımda sizlərə marketinq ixtisası haqqında yazdığım ilk məqaləmi təqdim etmək istəyirəm. 

"Marketinqin 5 qızıl modeli" başlıqlı məqaləm Facemark.az saytında artıq dərc olundu və qarşıdakı günlərdə ixtisas.az-da oxuculara təqdim olunacaq.

Gələcək fəaliyyətimdə marketinq ixtisasına dair bilikləri və kopiraytinq bacarıqlarımı inkişaf etdirmək üçün bloq yazılarına xüsusi önəm verəcəm, çünki mütəmadi olaraq bu işlə məşğul olmaq yazı bacarıqlarının inkişafına təkan verir.



Marketinq son zamanlar ölkəmizdə inkişaf mərhələsində olan ixtisasların ən başında gəlir.

“Niyə məhz marketinq ixtisası?” Cavab çox sadədir:

- Əgər daxilinizdə az da olsa araşdırma ruhu varsa, bu ruhu marketinq ixtisasına yansıdaraq parlaq karyeraya sahib ola bilərsiniz;

- Əgər satış bacarıqlarınızın olduğunu düşünürsünüzsə, bu ixtisas tam sizə görə ola bilər. Məsələ yalnız məhsul satmaqdan getmir, önəmli olan ideya satmaq və müştəridə məhsuldan öncə məmnunluq hissi yaratmaqdır;

- Ara-sıra ağlınıza maraqlı ideyalar gəlirsə, özünüzü inkişaf etdirərək bu ideyaları sərgiləyə bilərsiniz, çünki marketinq kreativliyi sevir.

Marketinq təkcə iqtisadi proses deyil, həm də həyatımızın bir parçasıdır. Çünki istər həyatda, istərsə də sosial şəbəkələrdə hamımız öz şəxsi brend imicimizi yaradırıq.

Müasir dövrdə isə marketinq məhsuldan daha çox emosiya satmaq prosesidir. Çünki günümüzdə emosional marketinq elə də çox istifadə olunmasa da, müştərilərlə əlaqələri möhkəmləndirmək və onlarda müsbət bir aura yaratmaq üçün ən effektiv yollardan biri hesab olunur. Bu təsir metodunda əsasən viral marketinq strategiyasından istifadə olunur.

Bu sahədə uğurlu olmaq üçün analiz və təhlil bacarıqlarınız üst səviyyədə olmalıdır. Bu məqalədə sizə işinizə yarayacaq ən uğurlu 5 modeli təqdim edirəm:

1. SWOT analiz:

SWOT analizin əsas məqsədi şirkətin daxili və xarici amillərinin təhlili, məhsulun rəqiblərlə müqayisədə risklərinin və rəqabət qabiliyyətinin qiymətləndirilməsindən ibarətdir. Bu analiz metodu şirkətinizin inkişafı yolunda hansı addımların atılmalı olduğunu, eləcə də, hansı problemin təcili həll etməli olduğunuzu müəyyən edir.

Bəs bu analizə daxil olan 4 əsas element hansıdır?

1. Strengths - Şirkətin bazarda rəqabət üstünlüyünü təmin edən xüsusiyyətləri, rəqiblərlə müqayisədə daha əlverişli mövqeyini araşdırmaq prosesidir.

2️. Weaknesses - Şirkətin zəif cəhətlərini müəyyən edərək onları izləmək və təkmilləşdirmək yönümdə atılan addımlar buraya daxildir.

3️. Opportunities - Şirkətin gələcək imkanlarını təhlil etmək, qiymətləndirmək və yeni strategiyaların tətbiq olunması yolu ilə tədbirlər planı hazırlamaqdır.

4️. Threats - Gələcək dövrdə şirkətin rəqabət qabiliyyətini zəiflədə biləcək, bazar payının itkisinə və satışın azalmasına gətirib çıxaracaq xarici mühit amillərini müəyyən etməkdir.

2. “Porter’s Five Forces” modeli

Bu modelin məqsədi hər hansısa bir sektorun rəqabət amillərini və potensial gəlirlilik səviyyəsini müəyyən etməkdir. Burada markanın əsas hədəfi digər şirkətlərlə müqayisədə rəqabət üstünlüyü qazanmaqdır.

Bu modelə daxil olan 5 əsas kateqoriya hansılardır?

1. Competitive Rivalry - Rəqabət mühitinin tanınması, xarakterinin müəyyən edilməsi və əlamətlərin müəyyən edilməsi prosesidir.

2️. Supplier Power - Təchizatçıların bazarı idarə etmək bacarığı və mövcüd bazarın təhlilidir.

3️. Buyer Power - Burada alıcıların istəklərini nəzərə alaraq qiymət aşağı salma prosesləri önəmli rol oynayır.

4️. Threat of Substitution - Oxşar məhsulun rəqib firmalarda da olması və məhsulun əvəzolunması təhlükəsi ilə qarşılaşmaqdır.

5️. Threat of New Entry - Bazara yeni daxil olan şirkətlərin fərqləndirici strategiyalar tətbiq edərək rəqabət üstünlüyü qazanmasıdır.

3. “McKinsey 7S” modeli

İlk olaraq, buraya daxil olan hər bir elementin şirkətlərdəki istifadə dərəcəsinə görə nəyi ifadə etdiyi təyin olunur və ona uyğun olaraq strategiyalar tətbiq edilir. “McKinsey 7S” modelinin məqsədi bura daxil olan tərkib hissələrin bir-biriləri ilə sıx və effektiv əlaqəsini qurmaqdır.

“McKinsey 7S” modelinə hansı elementlər daxildir?

1. Strategy - İstər kommunikasiya, istər araşdırma, istər müştəriyə məhsulu təqdim etmə, istərsə də məhsulun keyfiyyətinin artırılması üçün düzgün marketinq strategiyasının qurulması şərtdir.

2. Structure - Marketinqin idaretmə strukturu dedikdə market­inq fəaliyyəti ilə məşğul olan işçilərin çalış­dığı şöbə və ya bölmələrin məcmusu başa düşülür.

3. Systems – Marketinq sisteminin təşkil olunması prosesi həm marketinq fəaliyyətinin təhlilini, həm də ona nəzarətin həyata keçirilməsini özündə birləşdirir.

4. Style – İşçilər arasında olan əlaqələri inkişaf etdirmək və iş prosesinin ahəngdarlığını qoruyub saxlamaqdır.

5. Staff – Marketinq funksiyalarının şirkətdaxili bölgüsü, həmçinin müvafiq işçilərin səlahiyyət və vəzifələrinin məcmusu kimi başa düşülür.

6. Skills – İşçilərin performansının, bacarıqlarının ön plana çıxarılması marketinq fəaliyyətinin inkişafına əsas təkan verən qüvvələrdən biri hesab olunur.

7. Shared Values – Bu xüsusiyyət şirkətin rəqabət üstünlüyü qazanması üçün bazarı yenidən analiz etmək və məhsuldarlığı artırmaq üçün strategiyalar hazırlamaq prosesi kimi qiymətləndirilir.

Staff, Skill, Style və Shared Values amilləri daha çox mühit və insanlardan asılı olduğu üçün soft skills adlanır.

Structure, Strategy və System daha çox idarəetmə elementlərinə daxil olduğu üçün hard skills bölməsinə aid edilir.

4. “AIDA” modeli:

Bu model kontent marketinq və kopiraytinqdə daha çox istifadə olunur. Əsasən, auditoriyanın diqqətini cəlb edib məqaləni sonuna qədər oxumağa vadar edən strategiyalardan istifadə olunur.

Həmçinin bu model reklam mətnləri üçün daha çox istifadə olunur. “AIDA” mexanizmi oxucunu potensial alıcıya çevirmək üçün bir reklam strategiyasıdır və bu mərhələlərdən ibarətdir:

1. Attention - Bu mərhələdə məhsula uyğun ən yaxşı başlıqlar seçilməsi önəmli məqamdır. Bunun üçün cəlbedici ifadələrdən istifadə etmək tövsiyə olunur.

2. Interest - Oxucuda mətninizi oxumaq üçün maraq yaratmalısınız. Burada uyğun şriftlər, çox uzun olmayan və cəlbedici cümlələrdən istifadə etmək tövsiyə olunur.

3. Desire - Müştəriyə verəcəyiniz fayda və onun sizdən aldığı məmnunluq hissi burada önəmli rol oynayır.

4. Action - Bu mərhələdə artıq potensial müştəriyə çevrilmiş oxucunu məhsulunuzu alması üçün hərəkətə keçirməlisiniz. Əksər hallarda müxtəlif endirim kampaniyalarından istifadə olunur.

5. “STP Marketing” modeli

Bu model vasitəsilə geniş və fərqli bazar payı əldə edilə, xidmət göstəriləcək ən yaxşı müştərilər müəyyənləşdirəcəksiniz. Gəlin bu bölmələrə daha ətraflı nəzər yetirək:

1. Segmentation - Bazarın fərqli ehtiyaclara, xüsusiyyətlərə və davranışlara malik ayrıca məhsullar və ya marketinq kompleksi tələb edə bilən alıcılar qrupuna bölünməsinə deyilir.

2. Targeting - Mövcud seqmentinizə uyğun olaraq hədəf auditoriyanızın müəyyənləşdirilməsidir. Hədəf bazarını müəyyənləşdirmək üçün istehlakçıların davranışlarını təhlil etmək lazımdır. Marketinq fəaliyyətini inkişaf etdirmək üçün yenidən hədəfləmə yolu ilə müştərilərin təkrar geri dönüş etməsinə nail ola bilərsiniz. Bu strategiyanı uğurlu həyata keçirmək üçün istehlakçıların davranışlarını dərindən analiz etmək və qarşılıqlı əlaqələri üst səviyyədə saxlamaq lazımdır.

3. Positioning - Növbəti mərhələdə həmin müştərilərə təqdim edəcəyiniz dəyərlər və rəqiblərlə müqayisədə üstünlükləriniz və fərqləriniz vurğulanmalıdır. Rəqabətli marketinq strategiyalarının inkişaf etdirilməsinin əsas məqsədi bazar mühiti daxilində bir şirkət üçün davamlı rəqabət ütünlüyü yaratmaq və onu qoruyub saxlamaqdır.

Məqaləmin sonunda sizin üçün bu ixtisas üzrə lazımlı biliklərə yiyələnmək və self-study etmək üçün bəzi önəmli mənbələri qeyd edirəm:

Onlayn kurslara davam etmək (Coursera, Hubspot, Linkedin Learning, edX, Hootsuite, Digital Marketing Institute);

Marketinq ixtisasına uyğun olaraq bloq yazılarına baxmaq (HubSpot, Content Marketing Institute, Mention, Inside Google Ads, SEMrush, The Startup Chat);

İxtisasa uyğun olaraq kitablar oxumaq (“This is Marketing” by Seth Godin, “Permission Marketing” by Seth Godin, “Digital Marketing Strategy” by Simon Kingsnorth, “Selling the invisible” by Harry Beckwith);

LinkedIn platformasında şəxsi profilinizi yaradaraq ixtisasa uyğun faydalı paylaşımlar etmək (Bu sizin araşdırma bacarıqlarınızın və marketinq haqqında biliklərinizin inkişafına yardımçı olacaq).

Ümid edirəm ki, bu mənbələrdən istifadə etdikdən sonra sizdə marketinq ixtisasına qarşı həvəs yaranacaq. Marketinq ixtisasına dair az da olsa marağınız varsa, aşağıda yerləşdirəcəyim LinkedIn profilimə keçid edərək paylaşımlarımla tanış ola bilərsiniz.

Diqqətiniz üçün təşəkkür edir və gələcək iş karyeranızda uğurlar arzu edirəm!

Məqalənin linki:

Post a Comment

0 Comments